Ağız bucağının xorası
Ağız bucağının xorası – ağız bucağının selikli qişasının və dərisinin infeksion xəstəliyi. Ağız bucağının xorası orqanizmdə B2 vitamininin çatışmazlığından, diş əti xəstəliyindən, ağız suyunun güclü ifrazından, turş, yaxud acı qida yedikdə, ağız boşluğuna pis qulluq etdikdə baş verir. Xəstəliyi kokklar, yaxud mikroskopik göbələklər törədir. Vərdiş nəticəsində dodağını yalayan uşaqlar, yeniyetmələr və ağızda protez gəzdirən yaşlılar bu xəstəliyə daha çox tutulurlar. Ağız bucağının xorasında əvvəlcə ağız bucağının selikli qişası və dərisi qızarır, sulanır, yerində sonradan sarı qartmaqla örtülən ağrılı çatlar əmələ gəlir. Xəstəlik göbələk mənşəli olduqda ağız boşluğunun selikli qişasına da keçə bilər.
=== Profilaktikası: ===
Düzgün qidalanma, qida rasionunda qidaların vitaminlərlə zəngin olması, ağız bucağı qıcıqlandıqda acı, kəskin turş maddələr və sitrus meyvələrin istifadə edilməməsi. Müalicəsi həkimin məsləhəti ilə aparılır. Xəstəlik çox vaxt xroniki olur, lakin aparılan ardıcıl düzgün müalicə nəticəsində Ağız bucağının xorası sağalır.
== Mənbə: ==
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).